Bioqrafiyası

Bioqrafiya Professor Abuzər Alı oğlu Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanda – ulu Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində kəndli ailəsində anadan olmuşdu. O, natamam orta təhsilini burada almış, Böyük Vətən müharibəsi illərində doğma kənddəki kolxozda işləyə-işləyə təhsilini davam etdirmişdi. 1950-ci ildə həmin rayonun Toxluca kənd orta məktəbini bitirən Abuzər Xələfov Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaçılıq şöbəsinə daxil oldu. Hələ tələbəlik illərində özünün qeyri-adi elmi qabiliyyəti ilə başqalarından fərqlənən bu gənc tələbə elmi konfranslarda maraqlı məruzələrlə çıxış etdi, dəfələrlə fəxri fərmanlarla təltif olundu. Əla oxuması və ictimai fəallığı ilə diqqəti cəlb etdiyinə görə A.A. Xələfov ali təhsilini başa çatdıran kimi Bakı Dövlət Universitetində müəllim vəzifəsində saxlanıldı. 1955–1978-ci illərdə müəllim, baş müəllim və dosent vəzifələrində çalışdı. A.A. Xələfov həmin illəri həyatının mühüm dövrü adlandırmışdı. Belə ki, gənc mütəxəssis məhz o dövrdə tədqiqatçı alim kimi ustalığını artırmış, elm və tədris prosesinə rəhbərlik vərdişlərinə yiyələnmiş, bir sözlə, hərtərəfli təkmilləşmişdi. A. Xələfovun xoşbəxtliyi onda idi ki, bu illərdə o, Yusif Məmmədəliyev, Əliheydər Qarayev, Şəfaət Mehdiyev, Faiq Bağırzadə, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan, Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Əliheydər Qəhrəmanov, Mehdixan Vəkilov, Abbas Zamanov, Pənah Xəlilov, Zülfəli İbrahimov və başqaları kimi görkəmli alim-pedaqoqlar dəstəsi ilə əhatə olunmuşdu və onların təsiri ilə formalaşıb yetkinləşmişdi. Bu tanınmış şəxsiyyətlərin hər biri gənc mütəxəssislərə kömək göstərməyə hər an hazır olan geniş dünyagörüşlü, yüksək səviyyəli, qayğıkeş insan idi. A.A. Xələfovun işgüzar və səmərəli fəaliyyəti nəticəsində 1962-ci ildə BDU-nun kitabxanaçılıq şöbəsi müstəqil fakültəyə çevrildi və o, yeni yaradılmış fakültənin ilk dekanı seçilərək 25 il bu vəzifədə çalışdı. 1963-cü ildə eyni zamanda Kitabxanaşünaslıq kafedrasının müdiri seçilən A.A. Xələfov 2016-cı ilə kimi fasiləsiz olaraq həmin vəzifəni uğurla yerinə yetirdi. Abuzər Xələfov 1961-ci ildə Azərbaycanda kitabxana işi üzrə ilk namizədlik, 1975-ci ildə isə ilk doktorluq dissertasiyalarını müdafiə etdi və professor elmi adı aldı. Sevindirici hal idi ki, A.A. Xələfov Sovetlər Birliyi ərazisində kitabxana işi üzrə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi dərəcəsi almış ilk alim idi. Onun elmi rəhbəri isə Azərbaycan EA-nın müxbir üzvü, tanınmış alim, qayğıkeş insan Zülfəli İbrahimov olmuşdu. Azərbaycanda kitabxana işi sahəsində ilk sanballı elmi tədqiqatlar aparmış, ilk dəfə namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş Abuzər Xələfov bununla da həmişəlik ölkəmizdə kitabxanaşünaslıq elminin banisi statusunu qazanmışdı.
            Professor A.A. Xələfov özünün çoxcəhətli elmi və pedaqoji fəaliyyətini fəal ictimai işlərlə sıx şəkildə bağlamışdı. O, 1960–1984-cü illərdə Azərbaycan Mədəniyyət Nazirliyi yanında İdarələrarası Kitabxana Şurasına başçılıq etmiş, 1976–1989-cu illərdə isə Respublika Mədəniyyət Nazirliyi yanında Dövlət İdarələrarası Kitabxana Komissiyasının üzvü seçilmişdi. Professor A. Xələfovun ictimai fəaliyyətinin ən mühüm istiqamətlərindən biri Kitabxana Şurasının keçirdiyi çoxsaylı konfrans, müşavirə, seminar, dəyirmi masa və disputlarda fəal iştirak etməsi, həmçinin kitabxana işinin və kitabxanaçılıq təhsilinin aktual problemləri ilə bağlı radio və televiziyada müntəzəm çıxışlar etməsi ilə bağlı idi. 1960–1980-ci illərdə A. Xələfovun rəhbərlik etdiyi iki şura – Kitabxana Şurası və Respublika Təhsil Nazirliyi nəzdində kitabxanaçılıq-biblioqrafiya təhsili üzrə elmi-metodik şura çərçivəsində respublikamızda bütövlükdə əhaliyə kitabxana xidməti sisteminin və kitabxanaçı kadrlar hazırlığının daha da yaxşılaşdırılması istiqamətində çox vacib tədbirlər həyata keçirilmişdi. O, bu ictimai işləri yerinə yetirərkən Azərbaycanın mədəni həyatındakı mühüm proseslərə səmərəli təsir göstərən sistem yaratmağa nail olmuşdu. Məhz bunun nəticəsində Azərbaycanda əhaliyə kitabxana xidmətinin optimallaşdırılmasına, elmi işçilərin və mütəxəssislərin informasiya təminatına, akademiya kitabxanalarının mərkəzləşdirilməsinə, ali kitabxanaçılıq təhsili sisteminin təkmilləşdirilməsinə yönəlmiş bir sıra ümumittifaq və respublika əhəmiyyətli elmi konfranslar, müşavirələr və seminarlar keçirilmişdi. A. Xələfov 1970–1980-ci illərdə Bakı şəhəri Yasamal Rayon Xalq Deputatları İcraiyyə Sovetinin deputatı kimi mədəniyyət komissiyasına rəhbərlik edərkən şəhərdə mədəni-maarif işinin canlandırılması istiqamətində əhəmiyyətli işlər görmüşdü. Bu işlər, hər şeydən əvvəl, klubların və kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsində, onların ixtisaslı kadrlarla təmin edilməsində və fəaliyyət məzmununun yaxşılaşdırılmasında özünü büruzə verirdi. Professor A. Xələfov 55 ildən artıq müddətdə kitabxana işi problemlərinə dair beynəlxalq miqyasda keçirilən bir sıra simpoziumlarda, konqreslərdə və müşavirələrdə Azərbaycanı ləyaqətlə təmsil etmişdi. O, Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi, Daşkənd, İstanbul, Tehran və Təbriz şəhərlərinin mötəbər kürsülərindən Azərbaycanın müasir elmi, mədəni və kitabxanaçılıq həyatının aktual istiqamətləri, onun dünya informasiya məkanına daxil olması imkanları və səmərəli yolları ilə bağlı öz ideya və baxışlarını səsləndirmişdi. 1999-cu ildə professor A. Xələfovun təşəbbüsü ilə Azərbaycanda respublika kitabxanaçılarının ilk peşəkar ittifaqı – Azərbaycan Kitabxanaçılar Cəmiyyəti yaradıldı. Respublikanın kitabxana ictimaiyyəti yeni təsis edilmiş Cəmiyyətin prezidenti vəzifəsinə məhz A. Xələfovu seçdi. Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin başçısı və görkəmli mütəxəssis kimi professor A. Xələfovun xarici ölkələrdəki kitabxanaçılıq təşkilatlarının nümayəndələri ilə görüşlər keçirməsi, kitabxana işinin inkişafının aktual problemlərinə dair respublikamızda təşkil olunan beynəlxalq forumlarda iştirak etməsi beynəlxalq kitabxana ictimaiyyətində müstəqil Azərbaycanın kitabxana siyasəti sahəsində yeni imicini formalaşdırmağa, həmçinin onlara Azərbaycanın kitabçılıq və kitabxana işinin tarixi ənənələri haqqında daha geniş informasiya verməyə, bu istiqamətlərdə əməkdaşlığı inkişaf etdirməyə kömək göstərmişdi. Əlbəttə, bütün bu əlaqələr eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında, erməni işğalının ölkəmizin mədəni həyatına və kitabxana işinə vurduğu dəhşətli ziyan haqqında əsl həqiqətləri xarici ölkə nümayəndələrinə çatdırmağa imkan vermişdi. 1970-ci illərdən professor A. Xələfov respublikamızda çıxan “Mədəni-maarif işi”, “Kitablar aləmində” kimi dövri mətbuat orqanlarının redaksiya heyətlərinin üzvü olmuş, respublikamızda kitabxana işinin vəziyyəti və inkişafı ilə bağlı mühüm problemlərə dair elmi və elmi-kütləvi məqalələrin həmin jurnallarda işıq üzü görməsinə yardım göstərmişdi. Professor A. Xələfov eyni zamanda Azərbaycan Sovet Ensiklopediyasının elmi məsləhətçisi olmuşdu. 1975-ci ildən başlayaraq A. Xələfov Respublika Kitabsevərlər Cəmiyyəti Rəyasət Heyətinin üzvü və “Kitab” xalq universitetinin rektoru kimi Azərbaycanda kitabçılıq və kitabxana işinin tarixi, nəzəriyyəsi və təcrübəsinə dair elmi biliklərin təbliğində mühüm xidmət göstərmişdi. Professor A. Xələfov 1967-ci ildən Bakı Dövlət Universiteti Böyük Elmi Şurasının və tarix fakültəsi yanında namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvü olmuşdu. O, BDU-nun redaksiya-nəşriyyat şurasının rəhbəri kimi bu ali təhsil ocağının elmi və tədris prosesinin kitabşünaslıq və informasiya təminatı sahəsində işlərinin qaydaya salınması üçün çox böyük təşkilatçılıq işi aparmışdı. Azərbaycanda dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi şəraitində kitabxana işinin inkişafının hüquqi bazasının yaradılması sahəsində professor Abuzər Xələfovun ictimai fəaliyyətini və xidmətini xüsusi vurğulamaq lazım idi. Bu baxımdan Azərbaycanın kitabxana işi tarixində ilk dəfə meydana çıxmış “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu daha mühüm əhəmiyyətə malik idi. A.A. Xələfov “Kitabxana işi haqqında” Qanunu hazırlayan işçi qrupunun rəhbəri kimi müasir şəraitdə Azərbaycan xalqının milli və mənəvi həyatında baş verən mütərəqqi dəyişikliklərin nəzərə alınması şərti ilə respublikada kitabxana işinin kökündən yeniləşdirilməsinin hüquqi əsaslarının işlənilməsi üçün çox böyük elmi-təşkilatçılıq işi həyata keçirmişdi. “Kitabxana işi haqqında” Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin hüquqi normalarını, kitabxana işinin müntəzəm inkişafının elmi, maddi-texniki, kadr və təşkilati təminatını özündə cəmləşdirirdi. Qanunda Azərbaycanın vahid kitabxana sisteminin təşkilati quruluşu, kitabxanaların kitabla təchizatı, onların fondlarının yeniləşməsi və mühafizəsi sistemləri, oxuculara xidmətin təşkilinin və kitabxana işinin idarə olunmasının demokratik prinsipləri, kitabxanaların və kitabxana işçilərinin statusu, onların əməyinin qiymətləndirilməsi, ictimai kitabxana birliklərinin hüquq və vəzifələri, kitabxanaların beynəlxalq əməkdaşlığı haqqında əsasnamələr öz hüquqi təsdiqini tapmışdı. “Kitabxana işi haqqında” Qanun hazırlanarkən professor Abuzər Xələfov xarici ölkələrdə kitabxana işi sahəsində mövcud olan qanunvericilik təcrübəsinin dərindən öyrənilməsinə və ümumiləşdirilməsinə, Azərbaycanda kitabxana işinin strateji inkişafının əsas istiqamətlərini təmin edən prinsipcə yeni hüquqi normaların hazırlanmasına, onların həyata keçirilməsi mexanizminin işlənilməsinə xüsusi diqqət yetirmiş, nəticə baxımından çox yüksək səviyyəli dövlət sənədinin meydana çıxmasında mühüm xidmət göstərmişdi. Professor Abuzər Xələfovun çoxcəhətli elmi, pedaqoji və ictimai fəaliyyəti təkcə Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən uzaqlarda da ona elm, mədəniyyət və kitabxana ictimaiyyətinin böyük nüfuzunu və hörmətini qazandırmışdı. Azərbaycanda kitabxanaçılıq elminin və kitabxana işinin inkişafında səmərəli xidmətlərinə görə Abuzər Xələfov 2000-ci ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, az sonra isə həqiqi üzvü – akademiki seçilmişdi. Qeyd etmək lazımdır ki, dünyanın bir sıra dövlətlərinin başçıları və səlahiyyətli şəxsləri, bir çox Nobel mükafatı laureatları, görkəmli alimlər, elm və mədəniyyət xadimləri beynəlxalq miqyaslı həmin qurumun üzvü idi. Professor Abuzər Xələfovun Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilməsi, sözsüz ki, dünya kitabxana-informasiya məkanında Azərbaycanın inteqrasiyası prosesinin dərinləşməsinə mühüm təsir göstərmişdi.
            Abuzər Xələfovun Azərbaycanda cəmiyyət, elm və mədəniyyət qarşısındakı xidmətləri yüksək qiymətini almışdı. 1946-cı ildə, cəmi 15 yaşı olarkən Abuzər Xələfov SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyinə görə” medalına layiq görülmüşdü. Sonrakı illərdə o, dövlət və ictimai təşkilatlar tərəfindən bir çox medallarla, fəxri fərmanlarla və döş nişanları ilə təltif edilmişdi. Onların arasında SSRİ Mədəniyyət Nazirliyinin N.K. Krupskaya adına medalı, “SSRİ ali məktəb əlaçısı” nişanı, “Bilik” Cəmiyyəti Həmkarlar İttifaqı təşkilatının fəxri fərmanları və digərləri xüsusi yer tuturdu. A. Xələfov 1969-cu ildə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdü. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Abuzər Alı oğlu Xələfov elm və təhsilin inkişafındakı böyük xidmətlərinə görə ölkəmizin yüksək mükafatı – “Şöhrət” ordeni ilə təltif olunmuşdu. 2001-ci ildə professor A.A. Xələfova “Əməkdar elm xadimi” fəxri adı verilmişdi. Abuzər Alı oğlu Xələfov 2007-ci ildən Azərbaycan Respublikası Prezidentinin Fəxri Təqaüdçüsü olmuş, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)” yubiley medalı ilə və Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə, Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilmişdi. Bakı Dövlət Universiteti Elmi Şurasının 9 mart 2016-cı il tarixli iclasının qərarı ilə ilk dəfə Kitabxanaçılıq-informasiya fakültəsinin yaradıcısı, Kitabxanaşünaslıq kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Abuzər Alı oğlu Xələfova “Bakı Dövlət Universitetinin fəxri professoru” adı verilmişdi.
            Professor Abuzər Alı oğlu Xələfov 2020-ci il aprelin 27-də vəfat etmiş, II Fəxri xiyabanda dəfn edilmişdi.